Azərbaycan və Vyetnam: Etibarlı Tərəfdaşlıqdan Yeni İnkişaf Mərhələsinə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə müsahibə vermişdir. Bu müsahibə Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişaf dinamikası və qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərinin dəyərləndirilməsi baxımından mühüm önəm kəsb edir.
Azərbaycanla Vyetnam arasında yarım əsrdən çox tarixə malik münasibətlərin əsası hələ XX əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnama etdiyi səfər bu münasibətlərin ideoloji-siyasi əsaslarını formalaşdırıb.
Müsahibə zamanı bir sıra mühüm məsələlərə toxunan dövlət başçısı qeyd edib ki, son dövrlərdə ölkələrarası münasibətlər yüksələn xətt üzrə inkişaf edir. 2014-cü ildə Hanoya dövlət səfəri, 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Bakıya səfəri hər iki ölkənin siyasi həyatında mühüm rol oynayıb. Dost ölkənin dövlət başçısının həmin səfəri çərçivəsində neft-qaz,energetika,maliyyə,təhsil və turizm kimi mühüm sahələrdə sənədlərin imzalanması əlaqələrin genişlənməsinə xidmət edib.
Azərbaycanın “Socar” və Vyetnamın “Petrochemical” neft şirkətləri arasında 2019-cu ildə imzalanmış müqavilə bu tərəfdaşlığın bariz nümunəsidir.
Müsahibənin sonunda Prezident onu da bildirib ki, bu gün Azərbaycan –Vyetnam münasibətləri etibarlı tərəfdaşlığa əsaslanır. İki ölkə beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.Hər iki dövlət çoxtərəfli diplomatiyada bir-birini dəstəkləyir və beynəlxalq hüquqa əsaslanan prinsiplərə sadiqlik nümayiş etdirir.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi dövlətlər arasında qarşılıqlı etimad və anlaşmanı daha da möhkəmləndirib.Bu dinamikanın davamı olaraq Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın 2025-ci il mayın 6-da ölkəmizə olan dövlət səfəri münasibətlərdə yeni mərhələ kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev Vyetnam lideri cənab Lamın səfərinin daha fəal əməkdaşlığa mühüm təkan olacağını və Azərbaycan-Vyetnam münasibətlərinin daha da inkişaf edəcəyini əminliklə vurğulayıb.
Azərbaycan və Vyetnam arasında formalaşan etimadlı münasibətlər gələcəkdə daha da genişlənərək hər iki dövlətin maraqlarına xidmət edəcək. Tarixi təməllərə və qarşılıqlı hörmətə əsaslanan bu əlaqələr iki ölkə arasında davamlı dostluğun və inkişafın təminatçısıdır.