Azərbaycan, Türkmənistan və Özbəkistan qardaşlığı güclənir

İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Qaraçuxur Bələdiyyəsinin sədri
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri olaraq müəyyən edib. Mərkəzi Asiyanın türkdilli ölkələri ilə əlaqələrin inkişafı da həmin prioritet vəzifənin həyata keçirilməsinə xidmət edir. Dövlət başçılarının qarşılıqlı səfərləri türk dövlətləri arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına geniş tövhə verir.
Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də bu ölkəyə işgüzar səfər edib. Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin sədri ilə təkbətək və geniş tərkibdə görüşlərində ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixin dərinliklərindən götürdüyü qeyd edilib. Liderlər qeyd ediblər ki, siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimiz bu təməl üzərində inkişaf edir.
Prezident İlham Əliyev bəyan edib ki, dövlət başçılarının tez-tez görüşməsi bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir. Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hər zaman bir-birinin yanındadır. Səfər çərçivəsində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib və liderlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi oldu. Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı imzalayıblar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzalayıblar.
“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzalayıb.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzalayıblar. Nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək.
Füzuli şəhəri ilə Arxadağ şəhərinin qardaşlaşmasını əslində qardaşlığımızın rəmzi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi ki, türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.
Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistana səfəri göstərdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan qardaşlığı güclənir.