Azərbaycan Ordusu: Qürurumuz, Güvən Yerimiz və Zəfər Səlnaməmiz
Pərvin Rəhimova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 268 nömrəli körpələr evi - uşaq bağçasının müdiri
Tarix xalqların yaddaşına təkcə yaşanan hadisələrlə deyil, eyni zamanda da qazanılan qələbələrlə həkk olunur. Azərbaycan xalqı öz şanlı tarixini qəhrəmanlıq, mübarizlik və zəfərlə yazan xalqlardandır.
26 iyun-Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qürurla qeyd etdiyi, hər bir vətəndaşın ordusuna olan sevgisini və ehtiramını ifadə etdiyi əlamətdar gündür. Bu tarixi gün təkcə Silahlı Qüvvələrimizin yaranma günü deyil, eyni zamanda dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və vətənimizə bağlılığının təcəssümüdür.
Ordumuzun əsası 1918-ci il iyunun 26 da qoyulmuşdur. Müstəqilliyimizin bərpasından sonra isə güclü Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin inkişafının möhkəm təməli qoyulmuş, müasir və güclü ordumuzun formalaşmasına zəmin yaradılmışdır. Həmin siyasət bugün Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Ordusu bugün təkcə Silahlı qüvvə deyil, eyni zamanda xalqımızın iradəsini, birliyini və Vətən sevgisini təcəssüm etdirən böyük mənəvi-psixoloji qüvvədir. Dövlətimizin Orduya göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri kimi tanınır. Ordumuzun gücünün ən parlaq sübutu 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfərimizdir.
2020-ci ildə Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. 2023-cü ildə həyata keçirilən Lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi və Ordumuzun yenilməz gücünü bir daha nümayiş etdirdi.
Bu əlamətdar gündə Vətənimiz uğurunda canını fəda edən Şəhidlərimizi dərin ehtiramla anırıq. Onların müqəddəs xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Qazilərimizin göstərdiyi qəhrəmanlıq isə nəsillərə örnək olacaqdır. Bugün sərhədlərimizin keşiyində dayanan hərbiçilərimizə, əsgərlərimizə, zabitlərimizə böyük bir təşəkkür borcluyuq.
Silahlı Qüvvələr Günümüz bizə bir daha xatırladır kı, güclü Ordu Silah və texnika ilə yanaşı-Vətəni ürəkdən sevən insanların sayəsində formalaşır. Məhz buna görə Azərbaycan əsgəri xalqımızın qüruru, dövlətimizin gücü və təhlükəsizliyimizin etibarlı təminatçısıdır.
Məktəbəqədər təhsil müəssisəsinin rəhbəri kimi hesab edirəm ki, Vətənpərvərlik hisslərinin formalaşdırılması uşaqların tərbiyəsində xüsusi yer tutmalıdır. Gələcəyimizin sahibləri olan uşaqlara Vətən sevgisini, dövlətimizə bağlılığı və qəhrəmanlarımızın xatirəsinə hörməti kiçik yaşlardan aşılamaq hər birimizin borcudur. Çünki bugünün körpələri sabahımızın qurucuları və Azərbaycan gələcəyidir. Onların qəlbində yaşatdığımız Vətən sevgisi, milli ruh və dövlətçilik dəyərləri gələcək nəsillərin də ölkəmizə layiq vətəndaş kimi yetişməsinə xidmət edəcəkdir.
Məhz gələcəyə bu sonsuz inam və qürur hissi ilə deyirəm- 26 İyun Silahlı Qüvvələr Günümüz mübarəkdir!