Azərbaycan öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının məsul əməkdaşı
Bu gün Azərbaycan siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin sözsüz ki, müəllifi Prezident İlham Əliyev və onun yürütdüyü uzaqgörən və müdrik siyasətdir. Bəllidir ki, güclü dayaqlara malik ölkəmiz hazırda beynəlxalq arenada ehtibarlı tərəfdaş kimi tanınır. Bildiyimiz kimi, Dövlət başçısı İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər etmişdir. Cənab prezidentin İtaliya Respublikasına budəfəki səfəri də bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində dövlətimizin başçısının İtaliya Prezidenti və İtaliya Baş naziri ilə görüşləri, aparılan danışıqlar Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etməklə, yanaşı eyni zamanda yeni bir səhifənin əsasını qoydu.
Məlumdur ki, İtaliya Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bir ölkədir. Azərbaycanın İtaliya ilə dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün artıq birmənalı deyə bilərik ki, Avropanın aparıcı ölkələri gələcəyə dair qurduqları strateji planlarına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərini daxil etməyə üstünlük verirlər. Bu baxımdan Azərbaycan Prezidentinin Çernobbio Forumuna dəvət olunması nəinki Avropa ölkələrinin ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strategiyada Azərbaycanın mövqeyinin nəzərə alınmasının İttifaq üçün vacibliyini bir daha göstərir.
Prezident İlham Əliyein İtaliya səfəri zamanı xüsusi önəm daşıyan əsas hadisələrdən biri isə İtaliyanın Çernobbio “The European House-Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssennarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı idi. Azərbaycan liderinin bu foruma xüsusi qonaq kimi qatılması da həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi. Təbii ki, Avropa İttifaqı ölkələrinin Azərbaycanla əməkdaşlığa olan maraqlarının getdikcə artmasını şərtləndirən ən mühüm amillərdən biri də, Azərbaycan Prezidentinin şəxsi nüfuzudur. Prezident İlham Əliyevin sözügedən forumda xüsusi statusla iştirakı hec də təsadüfi deyildir. Belə ki, bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Dövlət başçımız forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli ismarıclar verməklə yanaşı, mövcud reallıqları da diqqətə çatdırdı. Eyni zamanda beynəlxalq hüququn pozulduğu faktını bir daha qabartdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan cənab Prezident bildirib ki, Azərbaycan iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsini dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Dövlət başçımızın qeyd etdiyi kimi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Dövlətimizin başçısı eyni zamanda regional inkişafla bağlı məqamlara da xüsusi toxunaraq Azərbaycanın hər zaman sülhsevər siyasət yürütdüyünü bildirərək bu proseslə bağlı narahatlıq yaradan heç bir məqamımızın olmadığını da vurğuladı. Prezident İlham Əliyev Türkiyə və Azərbaycan münasibətlərinə toxunaraq bildirdi ki, bütün məsələlərdə iki dost,qardaş,müttəfiq ölkə olan Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir. Bununla da Dövlət başçımız müəyyən dairələrə mesaj vermiş oldu Olduqca məhsuldar danışıqlarla yadda qalan dövlət başçımızın İtaliya səfəri çərçivəsində dost ölkənin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi də respublikamız və beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı.
Bu gün ölkə başçımızın yürütdüyü uğurlu daxili və xarici siyasətinin nəticəsidir ki, nəinki Azəbaycan həqiqətləri dünyanın mötəbər platformalardan səsləndirilir, həm də böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dövlət maraqlarımız qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin İtaliya səfəri bir həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenanın nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir. Yeni dünya düzəninə regionun lider dövləti kimi qədəm qoyan Azərbaycan müasir siyasi münasibətlər sistemində mövqeyinə və gücünə görə bütün dövlətlərlə bərabər səviyyəli münasibətlər qurub öz maraqlarını həyata keçirmək imkanına malikdir.