Ana dilimiz milli birliyimizdir
Gülnarə Xankişili
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi
Dil milli sərvət, millətin simasını səciyyələndirən mühüm şərtlərdən biridir. Dil hər bir millətin milliliyinin, birliyinin əsasıdır. Türk dünyası yazıçılarının III qurultayındakı çıxışında “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir.” – deyən Ümummilli Lider Heydər Əliyevin sözləri bunun bariz sübutudur.
Bilirik ki, doğma dilimiz bugünkü inkişaf nöqtəsinə yüksələnə qədər zamanın çətin sınaqlarından keçməli olmuşdur. Belə ki, 70-ci illərin ortalarından etibarən ana dilinin inkişafında süni maneələr yaradılmış, milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Milli respublika rəhbərlərinin belə ana dili məsələsini gündəmə gətirməkdə aciz olduqları vaxtda dil məsələsinin təbliği ilə məşğul olmaq xüsusi cəsarət tələb edirdi.
Ana dili məsələsində qoyulan bütün süni məhdudiyyətlərə baxmayaraq Ulu Öndər ardıcıl mübarizə aparmış, öz mövqeyini qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Bu mübarizədə bütün qüvvələri səfərbər edən böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən Konstitusiyanın vətəndaşlara təhsil hüququ verməsindən, bu hüququn ana dilində oxumaq imkanı ilə təmin etməsindən də bəhs etmişdir.
Bir millətin dilinin dövlət dili statusuna yüksəlməsi mühüm tarixi hadisə, milli dövlətçilik tarixinin şanlı səhifələrindən biridir. Bu mənada Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində göstərdiyi misilsiz xidmətlərini xüsusi vurğulamaq lazımdır. Nəticəsidir ki, 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin VII sessiyasında çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” redaksiyasında verilməsi irəli sürülmüşdür.
Ana dilimizin – Azərbaycan dilinin inkişaf yolunda mühüm rolu olmuş təşəbbüslərdən biri də 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olmasıdır.
"Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir,- deyən Ulu Öndərin 2001-ci il 18 iyulda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” , həmin il 9 avqustda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar görkəmli şəxsiyyətin ana dilimizin inkişafına göstərdiyi misilsiz xidmətlərdəndir.
Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən avqustun 1-i təqvim tariximizə qızıl hərflərlə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi yazılmışdır. Həmin ildən etibarən bu tarixi əhəmiyyətli gün hər il təntənəli şəkildə qeyd olunur. Ulu Öndərin çoxsaylı səyləri nəticəsində zamanın ağır, keşməkeşli sınaqlarından keçərək inkişaf yoluna qədəm qoymuş milli dilimiz Prezident İlham Əliyevin uğurlu siyasətinin təsiri ilə daha da yüksəklərə ucalmaqdadır. Nəticəsidir ki, Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında ən yüksək tribunalardan səslənir, xalqın azadlıq ideyalarının carçısına çevrilir. Cənab İlham Əliyevin təbirincə desək, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur.
Bəli, Azərbaycan dili – doğma dilimiz milli sərvətimiz, milli kimliyimiz, milli birliyimizdir. Bəşəriyyət var olduğu müddətdə bizlər bu dəyərli sərvətimizi qorumalı, onun qayğısına qalmalı, gələcək nəsillərə çatdırmalıyıq. Bu, hər bir vətən övladının vətəndaşlıq borcu, məramı olmalıdır.