27 sentyabr tarixi Zəfərin təməlinin qoyulduğu gün
İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Bir neçə gün sonra 44 günlük Vətən müharibəsinin başlanmasının 6-cı ili tamam olacaq. Məhz 2020-ci ilin 27 sentyabr tarixində düşmənin cəbhəboyu törətdiyi təxribatlar nəticəsində Azərbaycanın qüdrətli ordusu əks hücum əməliyyatlarına başladı. Cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu dünya hərb tarixində misli görülməmiş uğura imza atdı. Belə ki, 30 ilə yaxın müddətdə erməni tapdağı altında olan dədə-baba torpaqlarımız 44 gün ərzində işğalçılardan azad edildi.
Təbii ki, bu qələbə elə də asan əldə edilmədi. Bu tarixi Zəfər uğrunda minlərlə igidlərimiz canından keçdi. Amma yekunda Azərbaycanımız bütöv oldu, suverenliyini bərpa etdi. Bütün dünya İlham Əliyevi Qalib Lider, Azərbaycanı isə Qalib Ölkə kimi tanımağa başladı.
Qüdrətli Lider İlham Əliyev insanlara xidmət etmək, xalqa arxalanmaq, onunla bir olmaq, milli maraqlarını, dövlətin ərazi bütövlüyünü, suverenliyini qorumaq kimi şərəfli missiyanı həyata keçirməyə müvəffəq oldu, şanlı Zəfər tariximizi bizə yaşatdı! İlham Əliyev bütün vədlərini yerinə yetirdi, hər bir azərbaycanlının Prezidenti olduğunu öz əməli fəaliyyəti ilə bir daha təsdiqlədi.
Azərbaycan xalqı, ölkə vətəndaşları, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hamılıqla doğma torpaqlarımızın işğaldan azad olunacağına və düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın mütləq azad ediləcəyinə hər zaman əmin idi. Bu əminliyi, bu inamı yaradan, mərdliklə, peşəkarlıqla, böyük məharətlə ərazi bütövlüyümüzü təmin edən möhtərəm prezidentimiz, müdrik sərkərdəmiz, igid Ali Baş Komandan İlham Əliyevdir!
Məlum olduğu kimi, 2016-cı ilin Aprel döyüşləri “Böyük Qayıdış”ın başlanğıcı oldu. Cəmi 2 il sonra – 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında yüksək peşəkarlıq və böyük məharətlə həyata keçirilmiş “Günnüt” əməliyyatı nəticəsində də bir sıra ərazilərimiz, strateji məntəqələr düşməndən təmizləndi. İkinci Qarabağ Müharibəsi isə Azərbaycanın tarixi qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Beləliklə də, Azərbaycanın bu qədim, əzəli, füsunkar, müqəddəs torpağında-Qarabağda yeni dövr başladı, yeni möhtəşəm inkişaf mərhələsinə qədəm qoyuldu.
Mənfur düşmənin Qarabağı tərk etməmiş bəzi silahlı birləşmələri, həmçinin, bölgədə sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı olmayan revanşist qüvvələr regionun bir sıra yerlərində terror aktları törədir, minadan təmizlənmiş sahələrdə yeni minalar basdırır, dinc insanların həlak olmasına və xəsarət almasına gətirib çıxarırdılar.
Beləliklə, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, qətiyyətli rəhbərliyi və əzmkarlığı nəticəsində bütün işğal olunmuş regionlarımız düşməndən tamamilə azad edildi, Azərbaycan dövlətinin suverenliyi bütün ölkə ərazisində bərqərar oldu.
Uca Allahdan qəhrəman şəhidlərimizə qəni-qəni rəhmət diləyir və müharibədə sağlamlığını itirmiş qazilərimizə isə can sağlığı arzulayırıq.
Allah cənab Prezidentimizi və Azərbaycanımızı qorusun!