20 sentyabr Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi baxımından müstəsna tarixi əhəmiyyət kəsb edir
Aynur Əsgərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 85 nömrəli tam orta ümumtəhsil
20 Sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Bu tarixi gün Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını təcəssüm etdirir. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olunmuş, bu hadisə çoxəsrlik dövlətçilik tariximizin ən mühüm mərhələlərindən birinə çevrilmişdir.
Azərbaycan torpaqlarının bir hissəsi 30 ildən artıq müddətdə işğal altında qalmışdır. Bu dövr ərzində Azərbaycan dövləti ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində qətiyyətli və ardıcıl siyasət yürütmüşdür. 2020-ci ildə baş vermiş Vətən müharibəsi bu mübarizənin nurlu səhifəsi olmuşdur. Şanlı qələbə nəticəsində bir sıra şəhər, rayon və kəndlərimiz düşmən tapdağından azad edilmişdir. Suverenliyin tam təmin edilməsi yolunda atılan növbəti strateji addım isə 2023-cü ilin aprelində fəaliyyətə başlayan Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması olmuşdur.
20 sentyabr Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi baxımından müstəsna tarixi əhəmiyyət kəsb edir. Bu tarixi hadisə dövlətçilik ənənələrinin və milli həmrəyliyin gücünü bir daha nümayiş etdirir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımız tərəfindən daim dərin ehtiramla yad olunur. Onların fədakarlığı müstəqilliyimizin qorunması tarixində silinməz iz qoymuşdur.
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi də bu ali dəyərlərin dövlət və cəmiyyət həyatındakı mühüm rolunu, hüquqi inkişafımızın əsas sütunlarını bir daha önə çıxarır.