17 oktyabr Füzuli şəhəri günüdür

17 oktyabr Füzuli şəhəri günüdür
Pərvanə Çopsiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 118 saylı tam orta məktəbin İnformatika müəllimi
Füzuli rayonu Azərbaycanın tarixi və strateji əhəmiyyətə malik bölgələrindən biridir. 2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli şəhərinin və rayonunun azad edilməsi Azərbaycanın hərbi və siyasi qələbəsi kimi tarixə düşdü. Füzuli rayonu 17 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin şanlı Ordusunun mübarizəsi nəticəsində düşmən işğalından azad edildi. Bu qələbə Azərbaycanın hərbi qüdrətinin və strateji üstünlüyünün sübutu oldu.
Füzuli rayonu, Qarabağ dağ silsiləsinin cənub-şərqində yerləşir və İranla həmsərhəddir. Tarixi boyunca bu ərazi, müxtəlif mədəniyyətlər və xalqların qarşılıqlı təsir göstərdiyi mühüm bir mərkəz olub. Rayonun ərazisi zəngin tarixi-dini abidələrlə doludur. Şeyx Babi Yaqub türbəsi, Mirəli türbəsi və Cəlil türbəsi kimi qədim abidələr Füzuli rayonunun tarixini yaşadır. Erməni silahlı qüvvələri 23 avqust 1993-cü ildə Füzulini işğal etmiş və bu müddət ərzində yüzlərlə insan şəhid olmuş, minlərlə insan didərgin düşmüşdür. Bu işğal zamanı rayon ciddi dağıntılara məruz qalmış, minalarla çirkləndirilmişdir. İlkin hesablamalara görə, Füzuli rayonu işğaldan azad edilmiş ərazilər arasında ən çox mina ilə çirkləndirilən ərazi hesab olunur.
17 oktyabr 2020-ci il tarixi bu ərazinin yenidən doğuluşunu simvollaşdırdı. Ordumuzun qəhrəmanlıq mübarizəsi nəticəsində Füzuli şəhəri və rayonun digər kəndləri işğaldan azad olundu. Bu tarixi qələbə Azərbaycanın müstəqilliyinin, torpaqlarının bütövlüyünün bərpası yolunda atılan ən mühüm addımlardan biri oldu. Prezident İlham Əliyev 2023-cü ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri haqqında” sərəncam imzalamış və bu sərəncama əsasən 17 oktyabr tarixi “Füzuli şəhəri günü” kimi müəyyən edilmişdir. Bu gün hər il ölkəmizdə vətəndaşlarımız tərəfindən böyük sevgi və fəxr hissi ilə qeyd olunur. Füzulinin azad olunması ilə bağlı çoxsaylı tədbirlər, tikinti və bərpa işləri həyata keçirilir. Rayonun infrastrukturunun yenidən qurulması və inkişafı istiqamətində davam edən layihələr “Böyük Qayıdış Proqramı” çərçivəsində həyata keçirilir.
Son illərdə Füzuli rayonunda böyük layihələr icra olunmuşdur. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu və “Ağıllı kənd” layihələri bu torpaqların yenidən həyat tapması üçün atılan mühüm addımlardan yalnız bir neçəsidir. Bu layihələr Azərbaycanın bu torpaqlara qayğısını və gələcək nəsillər üçün əhəmiyyətini göstərir.
Sonda qeyd etmək istərdim ki, 17 oktyabr tarixi hər bir azərbaycanlının yaddaşında Vətən müharibəsinin zəfər dolu bir səhifəsi olaraq qalacaq. Füzulinin azad edilməsi Azərbaycanın qələbə tarixində mühüm bir yerdə durur və bu qələbə bizim qürur mənbəyimizdir.