YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Qasımzadə Tahir Sərdar oğlunun şəhadətinin birinci il dönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak etmişlər. Öncə şəhid Qasımzadə Tahirin Sabunçu rayon Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilmiş, məzarı üzərinə güllər düzülmüş və dualar oxunmuşdur. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Zığ qəsəbə sakini, Vətən Müharibəsi şəhidi əsgər Qasımzadə Tahirin şəhadətinin birinci il dönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak edərək, ailənin qayğıları ilə maraqlanmışlar. Mərasim zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov demişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək şəhidimizə Allahdan rəhmət diləmişdir.
Qeyd edək ki, şəhid əsgər Qasımzadə Tahir Sərdar oğlu “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.