YAP Suraxanı rayon təşkilatının nümayəndələri Müdafiə Nazirliyi ilə birgə təşkil olunmuş tədbirdə iştirak etmişlər
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Üniverisitetinin birgə fəaliyyəti nəticəsində şəhidlərin anım günlərinə hərs olunmuş “Qürurla anırıq” adlı tədbir təşkil olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Polkovnik-leytenant İlkin Qayıbov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycan Dövlət İqtisad Üniverisitetinin nümayəsi, 72 mömrəli məktəb liseyin-in direktoru Fərqanə Abbasova, Cəmşid Naxçıvanski adına hərbi liseyin zabit-kursant heyəti, şəhid ailələrinin nümayəndələri, və digərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Polkovnik-leytenant İlkin Qayıbov tədbir iştirakçılarını Müdafiə naziri General-polkovnik Zakir Həsənov adından salamlamış, Şəhidlərin ailə üzvlərinə dərin hüznlə baş sağlığı vermişdir. Polkovnik-leytenant İlkin Qayıbov qeyd etmişdir ki, 44 günlük zəfər tariximizi qanla yazan vətən övladları hər zaman qəlbimizdə yaşayacaqlar. O, Azərbaycan ordusunun öz qəhrəman şəhidləri ilə qürur duyduğunu ifadə etmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, Vətən Müharibəsi müasir müharibələr tarixində özünə məxsus unikal yerə malikdir. Bu müharibədə zabitlərin əsgərlərə “irəli deyil, ardımca gəlin”, dediyini YAP rəsmisi xüsusi vurğulamışdır. Təşkilat sədri digər şəhidlərlə yanaşı tədbirin Suraxanı rayonu sakini olmuş iki şəhidə də həsr olunmasını yüksək qiymətlədirib. Vüqar Seyidov bildirmişdir ki, canlarını vətənə qurban vermiş insanlar haqqında gənc kursantlara məlumat verilməsi vacib haldır. Baş leytanant Həmidov Mixayıl Hamlet oğlunun və əsgər Kazımlı Mürsəl Kamil oğlunun bir gündə şəhid olduğunu və şəhadətlərindən ötən bir il ərzində hər zaman YAP Suraxanı rayon təşkilatının bütün şəhid ailələrinə olduğu kimi onların ailəsinə qarşı da xüsusi diqqət və qayğı göstərdiyini və bunun bir vətəndaşlıq borcu olduğunu yerli təşkilatın sədri vurğuladı.
Daha sonra çıxış edən tədbir iştirakçıları, şəhid ailələrinin nümayəndələri və döyüş yoldaşları şəhidlər haqqında xatirələrini danışmış, onların qəhrəman döyüş yollarına nəzər salmışlar. Şəhid ailələri ötən bir il ərzində göstərilən qayğıdan bəhs edərək, hər zaman dövlət tərəfindən diqqətdə saxlandıqlarını ifadə etmişlər.
Sonda məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şerlər deyilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfində vətənpərvər ruhda yazılmış mahnılar oxunmuşdur.