Türkiyə və Azərbaycan əlaqələri son illər dərin və davamlı inkişaf xarakteri daşıyır
Mahru Rəcəbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru
Tarixi köklərə dayanan Azərbaycan-Türkiyə münasibətləri hər zaman dövrün siyasi reallıqları əsasında formalaşıb. Azərbaycan dövləti ilə Türkiyə arasındakı qarşılıqlı əlaqələr XX və XXI əsrdə daha geniş şəkildə müsbət tempdə inkişaf edib, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Bu münasibətlər istər türk birliyi çərçivəsində, istərsə də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminində hər iki dövlətin birlikdə siyasi iradə nümayiş etdirdiyini göstərir. Bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki ölkə arasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni milli-mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Türkiyədə prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Azərbaycan –Türkiyə münasibətlərində yeni imkanlar açılmasında mühüm rol oynamışdır. Bu səfər zamanı 15 iyun 2021 –ci ildə imzalanan Şuşa Bəyannaməsinin perspektivləri xüsusən vurğulanmışdı.Cənab İlham Əliyev qeyd etmişdir:”Şuşa Bəyannaməsi tarixi anlaşmadır.Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular.Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır.Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur.”
Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Rəsmi görüşlərdə, çıxışlarında Azərbaycan prezidenti İlham Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkənin silahlı qüvvələrinin inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi vurğulaması Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir. Cənab Ilham Əliyev öz çıxışında onu da qeyd etmişdir ki,cari il Türkiyə ilə 16 birgə təlim keçiriləcəkdir. Onlardan artıq 6-sı keçirilmişdir.
Tarixi köklərə dayanan Türkiyə və Azərbaycan əlaqələri son illər dərin və davamlı inkişaf xarakteri daşıyır. Iqtisadi və ticari nöqteyi-nəzərdən regionda geniş əlaqələrə malik hər iki ölkə arasında müşahidə edilən tərəfdaşlıq ötən hər ilə nisbətdə yüksəliş istiqamətində davam edir, xüsusilə enerji sahəsində.
Gündəmin əsas məsələsi olan Zəngəzur dəhlizinin açılması ölkə iqtisadiyyatı və Azərbaycanın regionda söz sahibi olması üçün çox münbit şərait yaradacaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Bəyanatda o da qeyd edildi ki, Zəngəzur dəhlizinin açılması qaçınılmazdır.
Bu görüş zamanı yaxın aylarda Türkiyə-Azərbaycan birgə unuversitetinin yaradılması məsələsinin öz həllini tapacağı qeyd edildi. Yuxarıda qeyd edilən məsələlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da toxunmuş və qeyd etmişdir ki,”Türkiyə və Azərbaycan iki qardaş ölkədir.”Bir millət,iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik.”