Suraxanı rayonu 275 saylı və 118 saylı tam orta məktəblərin birgə təqdimatında “Erkən nikah və fəsadları” mövzusunda tədbirlər keçirilib
Tədbirlərdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova, komissiyanın üzvləri, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, təhsil müəsissələrinin rəhbərləri, şagirdlər və valideynlər iştirak etmişlər.
Günümüzün ən aktual problemlərindən biri olan erkən nikahların doğurduğu fəsadlar, cəmiyyətimizə vurduğu ziyanlardan bəhs edilmiş, şagirdlərin təqdimatın bədii hissələr və videoçarxlar nümayiş olunmuşdur. Eyni zamanda şagirdlər arasında mövzu ilə bağlı aparılmış sorğu tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Suraxanı RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Könül xanım Axundova çıxış edərək sağlam ailənin xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynadığını, eləcə də erkən nikahın və ailədə zorakılığın qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, ailə cəmiyyətimizin ən əsas sütunlarındandır. Ailələrin formalaşması ölkəmizin gələcək inkişafının da təminatıdır. Uşaq yaşlarda övladlarını erkən nikaha məcbur edən ailələr əslində cəmiyyətimizin inkişafına maneə olurlar. Salman Əbdülov xüsusi qeyd etmişdir ki, hüquq mühafizə orqanları baş verən hadisələrə layiqli qiymət verirlər. Lakin cəmiyyətimizin əsas vəzifəsi erkən nikahla bağlı insidentlər baş vermədən qarşısını almaqdan ibarət olmalıdır.
Tədbirdə məktəb direktorları Elnur Hüseynov, Nizaməddin Ağcayev, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik leytenantı Əfqan Ağayev, psixoloqlar və tibb işçiləri çıxış edərək erkən nikahların məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açdığını bildirmiş, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq cərimə və cəza tədbirlərinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.