İşimizə vicdanla yanaşmaq, hər bir vətəndaşla nəzakətli, səmimi olmaq borcumuzdur
Rəna Nəsibzadə
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 42 saylı şəhər poliklinikasının baş həkimi
Prezident cənab İlham Əliyev yeni təyin olunmuş rəhbər şəxslərlə görüşünü izləyərkən, ilk növbədə gənc, dinamik kadrların ön plana çəkilməsi, onlara yüksək etimad göstərilməsi faktoru cəmiyyətdə təqdir olunan amil kimi diqqətimi çəkdi. Bu amil həm də böyük stimuldur. Lakin hər bir etimad, hər bir vəzifə ilk növbədə məsuliyyət deməkdir. Əlbəttə, hər bir vəzifəli şəxs bu yanaşmadan öz payına düşən dərsi, tövsiyyəni və tapşırığı almalıdır.
İşimizə vicdanla yanaşmaq, hər bir vətəndaşla nəzakətli, səmimi olmaq, onların qayğılarını öz qayğılarımız bilmək vəzifəli şəxsin borcu olmalıdır. Xüsusən də çalışdığım səhiyyə sahəsində xəstələrə və xəstə yaxınlarına qarşı böyük diqqət, qayğı göstərmək işin müsbət istiqamətdə həllinə xidmət edir. Cənab Prezidentin vurğuladığı əsas etik normalar da məhz bu kimi amilləri özündə ehtiva edir.
Prezident cənab İlham Əliyev: “Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır.” Məmurlar özlərini həm rəsmi fəaliyyətdə, həm də şəxsi həyatda nümunəvi aparmalı, özləri və yaxın qohumları elə davranmalıdır ki, "ümumi işimizə heç bir irad tutulmasın." Bu, dövlət mənafeyinin şəxsi maraqlardan üstün tutulmasının göstəricisidir.
Prezident cənab İlham Əliyevin çıxışında: “Burada da Əsas Prinsip Sosial Ədalət Prinsipidir”, deməsi həyata keçirilən vətəndaşmərkəzli siyasətin ifadəsi kimi başa düşülməlidir. Həyata keçirilən bütün layihələr, o cümlədən sosial yardım proqramları, yüksək tibbi xidmət, məşğulluq tədbirləri və infrastruktur təminatı bu prinsipə əsaslanmalıdır.
Heç bir vətəndaşın sosial vəziyyətinə və digər amillərə görə haqsızlıqla üzləşməsinə yol verilə bilməz. Vəzifəli şəxslər bu prinsipə sadiq öz işləni qurmalı, Vətənə və vətəndaşa ləyaqətlə xidmət etməlidirlər.